Səfirin xatirələri / 4 (səsli kitab)

Fransada hicabı və islamı müdafiə edərək, səfirə çevrilən tələbənin hekayəsi
Lənətə gəlmiş “Xoş gəlmisən” mərasimi
2005-ci il mart ayının əvvəllərində Lakanal tələbə yataqxanasına yerləşdim. Yataqxana olduqca qəribə idi. Əyləncə salonunda bir televizor, bilyard və əl futbolu var idi. Şənliklər, ad günü məclisləri də orada qeyd edilirdi. Yataqxananın otaqları balaca olsa da, pis deyildi. Böyük bir mətbəxi də var idi ki, həm mətbəx kimi və həm mütaliə otağı kimi və həm də konfrans zalı kimi istifadə edilirdi.
Axşam çağı mətbəxə getdim. Masanın ətrafında bir neçə nəfər əyləşmişdi. Onlardan biri soruşdu: Sən yeni gəlmisən? Dedim: “Bəli!” Dedi: “Hansı ölkədənsən?” Vay... Çox tez-tez söhbət edirdi. Qətiyyən yavaş danışmaq kimi bir adətləri yoxdur. Hamıdan yaşca daha böyük və digərlərindən daha münasib geyinmiş bir xanım özünü və masada əyləşən dostlarını mənə təqdim etdi: Mənim adım Nailədir. Əlcəzairdənəm və müsəlmanam. Bu da Seylvandır. Fransalıdır. Bu Mənsurdur, Mayottadandır. Bu, Meridir, fransalıdır. Bu, Məryəmdir, Mayottadan! Bu, Yasmindir, Mayottadan! Dineş, hindistanlıdır. Vidad, Əlcəzairdəndir. Riyaz, əlcəzairlidir. Ömər isə, fələstinlidir.
Öz özümə dedim: Vay vay! Meridən başda bu xanımların hamısı müsəlmandırlar, ancaq paltarları çox cəlbedicidir. Heç kim bir birinin soyadını bilmir. Hamı, bir birinə adı ilə müraciət edir. Yəni, istər rəis ol, istər xadimə ol, istər sadə tələbə, hamı səni adınla çağıracaq.
Hər birinə bir bir salam verdikdən sonra onlarla tanışlıqdan xoşbəxt, xoşhal olduğumu bildirmək üçün içərisində “xoş” sözü olan bildiyim bütün cümlələrdən istifadə etdim. Ömərə isə, fələstinli olduğu və bizim ölkəmizin də onlara qarşı xüsusi mövqe sərgilədiyindən dolayı, xoş sözünü bir neçə dəfə artıq dedim. Ancaq, Ömər qəribə insan idi. Mənim iranlı olduğumu eşidən kimi qəribə baxışlarla məni süzdü. Mənə dediyi ilk söz isə bu oldu: Sən şiəsən? Mən hələ “hə” deməmiş, dedi: “Siz nə üçün deyirsiniz ki, Peyğəmbərimizin (s) yerinə Əli peyğəmbər olmalı idi? Bu nə oyundur, İraqda və Kərbəlada çıxarmısınız? Nə üçün Aşura şənliyini əzaya çevirdiniz? Utanın! Küçələrə çıxıb özünüzü nə səbəbə vurursunuz? İslamın harasında belə etməli olduğunuz yazılıb?” Bütün bu sözləri də, qəliz ərəb ləhcəsində deyirdi. Doğrusu çox qorxdum. Çox pis tonda və qeyri normal şəkildə danışırdı.
Görürsünüz də, siz Allah! İlk gün idi. Onlar da müsəlman və mən də müsəlman! Bu da onların “xoş gəlmisən”-i idi. Həm də o qədər xristian, dinsiz, büdpərəstin yanında! Ən pisi isə, onlar ya frankofen[1] idilər, ya da fransız dilini yaxşı bilirdilər. Mən isə, öz fikirlərimi çatdıra bilmək üçün bəzi xüsusi və ixtisaslaşdırılmış sözləri tapmaq məcburiyyətində idim. Ancaq, cavab verməli olduğumu düşündüyümdən dedim: “Heç də siz düşündüyünüz kimi deyil. Sizə şiələrin belə düşündüyünü kim deyib?” İzah verərək bildirdim ki, ümumiyyətlə Həzrət Peyğəmbərin (ə) yerinə başqa birisinin peyğəmbər olmalı olduğu fikri kökündən yalnışdır. Dedi: “Xəlifələr barəsində fikriniz nədir?” Dedim: “Bizim etiqadımıza görə, birinci xəlifə Əbu Bəkr, ikinci xəlifə Ömər, üçüncü xəlifə isə Osmandır. Əli (ə) isə birinci İmamdır.” Sonra, bacardığım qədər izah verdim ki, bizim hər birimiz müsəlmanıq və mən harada bir müsəlman görərəmsə, sevinərəm. Mən nə zaman müsəlman görərəmsə, zehnimə gələn ilk şey dil, irq fərqliliklərinə rəğmən bizim necə də bir birimizə bənzədiyimizdir. Ancaq, təəssüflə deməliyəm ki, nə zaman bir sünni ilə qarşılaşsam, onların zehninə gələn ilk şey aramızda nə qədər ixtilafın olmasıdır və buna görə də, ilk tanışlığımızda bu ixtilafları ortaya atırlar. Əksər vaxtlarda da, onlar şiələr barəsində doğru məlumat əldə etmirlər və mötəbər olmayan qaynaqlardan əldə etdikləri bu məlumatlar əsasında şiələr barəsində çox qətiyyətli qərarlar qəbul edirlər. Bəli, bizim məzhəbimizdə özünə zərər vurmaq haramdır. Bizim alimlərimiz dəfələrlə insanları bu əməldən çəkindirmişlər. Halbuki, siz mənim kimi bir iranlıdan iraqlıların nə üçün belə etdiklərini soruşursunuz. Belə çıxır ki, mən Yaponiya barəsində olan suallarımı sizdən soruşmalıyam? Halbuki, sizlər iraqlılarla eyni dildə danışırsınız. Mən isə, heç onların dilini belə bilmirəm və bir dəfə də olsun ayağım İraq torpaqlarına dəyməyibdir. Sonra Ömərə dedim: “Siz fələstinli olduğunuzu deyəndə mən necə reaksiya verdim?” Dedim ki, sizinlə tanışlıqdan çox xoşbəxtdəm. Çünki, Fələstin bizim üçün əziz bir ölkədir və bizim xalqımız sizi hədsiz çox sevir. Bizim öndərlərimiz demişlər ki, Fələstin İslam bədəninin bir parçasıdır. Ancaq, görün siz mənimlə necə rəftar edirsiniz?
Demək olar ki, heç kimdən səs çıxmırdı. Adları Nail və Vidad olan iki əlcəzairli xanım isə başlarını yelləyirdilər. Digərləri isə, sadəcə qulaq asırdılar. Ömər aram və asta bir tonda dedi: “Yaxşı əgər o özlərini döyənlər sizin məzhəbdən deyillərsə, bəs məhərrəm ayında durmadan başlarına qəmə vuranlar kimlərdir?” Ömər, bu suala necə nifrət etdiyimi bilmirdi. Dedim: “Hicab bütün qadınlara vacibdir və hicab geyinməmək haramdır. Ancaq, Fransanın özündə o qədər sünni məzhəbindən olan qadınlar var ki, onlar fransalı qadınlardan da pis geyinirlər. Həm də bir ay, iki ay yox, bütün həyatları boyu belə açıq saçıq geyinirlər.” Mətbəx büsbütün sükuta bürünmüşdü. Sadəcə məni səsim eşidilirdi. Doğrusu, cavabım özümə belə xoş gəldi. Öz özümə fikirləşdim ki, indi ki, belə bir fürsət əlimə düşüb, niyə də istifadə etməyim?! Dedim: “Mən Ərəbistanda olarkən bəzi vahabilərlə problem yaşadım. Onlar da, sizin kimi şiələr barəsində yalnış təsəvvürlərə malik idilər. Bacardıqları qədər bizə nifrət edirdilər və bizim barəmizdə xoşagəlməz ifadələr işlədirdilər. Ancaq, mən heç vaxt deməmişəm ki, Ərəbistanda yaşayan sünnilər elədirlərsə, deməli bütün sünnilər də elədir. Sizin yanaşmanızla, mən də vahabilərdə gördüyüm rəftar və təfəkkürlərə əsaslanaraq sünnilərə qarşı bədbin olmalıydım. Halbuki, vahabilərin sizdən fərqli olduğunu bilirəm. Sizin mənə qarşı belə rəftar etməyiniz də məlumatsızlığınızdan qaynaqlanır. Ancaq, bilməlisiniz ki, bu sözləri yenidən təkrar etməyiniz sizin sözünüzün etibarını azaldacaqdır və mən, bunun baş verməsini əsla istəmərəm. Çünki, sizlər mənim bacı qardaşlarımsınız. Axı, bizim hamımız müsəlmanıq.”
Sözümü bitirdim, ancaq heç kim bir kəlimə belə danışmadı. Əllərim buz kəsilmişdi və beynim alov tək yanırdı. Halımın düzəlməsi üçün televizor olan salona keçdim və bir az yeridim. İnsanın tək olub qarşındakının durmadan sual verərək səni ittiham etməsi necə də narahat edici bir məqamdır. Oradan otağıma qayıtdım. Otağımın nöməri 12 idi və mətbəxdən üç otaq aralıda yerləşirdi. Mən otağıma keçəndə 14 nömrəli qonşu otaqdan aram Quran səsi gəldiyini eşitdim. Kim olduğunu bilmirdim. Ancaq, hər kim idisə ona min afərin!