Səfirin Xatirələri / 3 (Səsli kitab)

Fransada hicabı və islamı müdafiə edərək, səfirə çevrilən tələbənin hekayəsi
Dörd tərəddüdlü əlin müəmması
Və universitetin birinci günü! Labaratoriya katibi Frandun xanım məni qarşılamaq üçün qatar stansiyasına qədər arxamca gəlmişdi. Məni digər tələbələrlə tanış etmək istəyirdi. Frandun xanım qara qaşı, qara gözlü, qısa və biz-biz saçı olan fransız bir xanım idi. Dəhlizdə gedərkən zehnimi sadəcə bir fikir məşğul etmişdi ki, görəsən tanış olacağım insanlardan neçəsi oğlandır və mən onlarla əl verib görüşməyə məcbur olsam nə etməliyəm? Olmaya mənim əl uzatmamağım onları narahat edər?! Necə edim ki, nə onlar narahat olsun və nə də mən harama mübtəla olum?!
Frandun xanım gedə-gedə mənə mərtəbələr və şöbələr barəsində izah verirdi. Mən də, sadəcə başımı yelləyirdim. Ancaq, nə dediklərini anlamırdım. Zehnimdə isə oğlanlarla necə rəftar edəcəyimi düşünürdüm.
İlk öncə labaratoriya müdiri olan Simon Rişerin yanına getdik. Cənab Simon Rişer mənim dissertasiya müdirim idi. Xanım Frandum məndən öncə otağa daxil olaraq dedi: ”Simon, bu da bizim iranlı tələbəmiz!”
Cənab Rişer mənə tərəf gəldi. Salam verdim. O da salam verdi. Əl vermək üçün əlini uzatdı. Daha öncə əzbərlədiyim bir neçə cümləni bir nəfəsə dedim: “Bağışlayın, sizdən çox üzr istəyirəm. Mən müsəlmanam və kişilərlə əl verib salamlaşa bilmərəm. Məqsədim sizə ehtiramsızlıq etmək deyil! Bu, mənim dinimin göstərişidir. Mən isə, onu dəyişə bilmərəm. Yenə də sizdən üzr istəyirəm.” Belə bir vəziyyətdə mən özüm qarşı tərəfin düşdüyü vəziyyəti daha yaxşı dərk edirəm. İnsafla desək, bu vəziyyət insanın özü üçün də olduqca çətindir. Təsəvvür edin ki, cəmiyyət içərisində bir nəfər salam vermək üçün əlini uzadır və siz, üzr istəyərək əlinizi uzatmırsınız. O isə, əlini uzatdığı kimi cəld əlini arxaya çəkir və yumur. Daha sonra isə nə edəcəyini bilmir. Belə olduqda isə, ətrafdakı insanlara çöl insanı təəssüratı bağışlayırsınız. Elə bir çöl insanı ki, əlinə ağac almış və dünyəvilikdən, mədəniyyətdən əsla xəbəri yoxdur.
Cənab Rişel məndən digərləri ilə tanış olduqdan sonra yenidən onun yanına qayıtmağımı və daha dərindən tanış olmağı istədi. Üçüncü mərtəbəyə çıxmağa başladıq.
- İndi hara gedirik xanım Frandun?
- İndi isə dissertasiya işində sənə yardım edəcək müəllimin yanına gedirik. Orada tanış olmalı olduğun başqa iki müəllim də var. Onlarla tanış olduqdan sonra doktorantura təhsili alan tələbələrlə tanış olacaqsan.
Vay! Özüdür! Mənim qətlgahım! Qəlbim sanki atlanıb-düşürdü. Qəlbimin döyüntüsünü sanki sol dizimdə və sağ dabamında hiss edirdim.
Müəllimin otağına daxil olduq. Frandun xanım, müəllimi təqdim etdi: “Bu, Hervedir, sənin dissertasiya müəllimin! Patrik və Henri də bizim müəllimlərimizdir. Bu da, Lorensdir, labaratoriyanın ikinci katibəsidir.”
Qəribə bir həyəcan içində təbbəssüm edərək gözümü müəllimlərin əllərinə dikdim.
Herve, Paktik, Henri və ikinci katibə (o gün onların heç birinin adının doğru şəkildə əzbərləyə bilmədim) mənə tərəf gəldilər. İlk öncə Herve salam vermək üçün əlini mənə doğru uzatdı. Həmin əzbərlədiyim cümlələri burada da təkrarladım: “Bağışlayın, sizdən çox üzr istəyirəm. Mən müsəlmanam və kişilərlə əl verib salamlaşa bilmərəm. Məqsədim sizə ehtiramsızlıq etmək deyil! Bu, mənim dinimin göstərişidir. Mən isə, onu dəyişə bilmərəm. Yenə də sizdən üzr istəyirəm.” Herve əlini cəld geri çəkərək dedi: “Ooo! Deməli belə! Anladım!”
İkinci müəllim isə mənim bu sözümdən sonra əlini geri çəkdi. Əlimi yuxarı qaldırdım və bir-birinə birləşdirərək ikinci müəllimimə ehtiram göstərmək istəyəndə məni yalnış anladı və əlini salam vermək üçün mənə tərəf uzatdı. Öz-özümə dedim: “Nə qələt elədim!” Yenidən izah verməyə başladım:
“Bağışlayın, sizdən çox üzr istəyirəm. Mən müsəlmanam və kişilərlə əl verib salamlaşa bilmərəm. Məqsədim sizə ehtiramsızlıq etmək deyil! Bu, mənim dinimin göstərişidir. Mən isə, onu dəyişə bilmərəm. Yenə də sizdən üzr istəyirəm.” İkinci müəllim də cəld əlini geri çəkərək dedi: “Oldu! Oldu! Anladım!”
İkinci katib xanıma çatdım. O da, əlini cəld arxaya çəkdi və məndən üzrxahlıq istədi. Ancaq, mən əlimi uzadaraq dedim: “Vaxtınız xeyirli olsun! Mən yalnız kişilərlə əl verib salamlaşmıram. Xanımlarla əl ilə görüşməyimin heç bir eybi yoxdur. Yaxşısınız? Sizinlə tanış olmaqdan sevinc hissi duyuram.” Əlini yenidən uzadaraq dedi: “Aha! Bəli! Anladım!”
İkinci katibə ilə bir vaxtda əlini geri çəkən üçüncü müəllimim mənim xanıma əl verdiyimi görüb, fikrimi dəyişdiyimi düşündü və yenidən əlini uzatdı.
- “Bağışlayın, sizdən çox üzr istəyirəm. Mən müsəlmanam və kişilərlə əl verib salamlaşa bilmərəm. Məqsədim sizə ehtiramsızlıq etmək deyil! Bu, mənim dinimin göstərişidir. Mən isə, onu dəyişə bilmərəm. Yenə də sizdən üzr istəyirəm.”
Otaqdan çıxanda onların üzərindəki təəccüb ifadələrini aydın şəkildə sezmək olurdu. Katibə xanımın belə dediyini eşitdim: “Aman tanrım! Necə də qarışıq idi!”